XƏBƏRLƏR

27 Aprel 2017

Tələbələr tütünlə mübarizəyə dair panel müzakirələrə qoşuldular

21 aprel 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tütünə qarşı mübarizəyə dair məsələlərin panel müzakirəsi aparıldı. Tədbir Dövlət İdarəçilik Akademiyası, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və ASAN Könüllüləri Təşkilatı ilə birgə təşkil olunmuşdu. Akademiyanın tələbələri və ASAN könüllülərin iştirakı ilə keçən tədbirdə tütünə qarşı mübarizəyə dair yeni qanunveriçilik layihəsinin müzakirəsi aparıldı.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının mütəxəssisləri bildirdilər ki, cəmiyyətimizdə ildən-ilə artan və cavanlaşan tütüncəkmə problemi tütünlə mübarizəyə dair ölkə qanunvericiliyinin daha da gücləndirilməsi zərurətini yaratdı. Əhalimizin, gənclərimizin sağlamlığının qorunması məsələsi dövlətimiz tərəfindən daim diqqətlə izlənilir, bu qanun layihəsi yenidən müzakirə olunur və təkminləşdirilir.

ASAN Xidmət-in əməkdaşları tütünün zərərli təsirlərindən söz açaraq, onun ağır xəstəliklər yaratdığını bir daha vurğuladılar. İnsanların əksəriyyəti bilir ki, siqaret çəkmək zərərlidir, lakin bu zərərin nə qədər təhlükəli olduğununu bilənlər azdır.

İştirakçıların böyük maraqla qarşıladığı İSİM-in mütəxəssislərinin təqdimatında qeyd edildi ki, tütün epidemiyası ictimai səhiyyə problemi çərçivəsindən çıxaraq törətdiyi təhlükələrə görə artıq qlobal miqyas almışdır. Bildirildi ki, bu gün tütün çəkənlərlə yanaşı, çəkməyən, lakin ictimai məkanda, iş yerlərində tütün tüstüsü ilə nəfəs almaq məcburiyyəti qarşısında qalan insanlar sağlamlıqla bağlı eyni təhlükələrlə qarşılaşmaq riski ilə üz-üzə qalırlar.

İldə 600 min insanın passiv tütünçəkmə səbəbindən vaxtından əvvəl dünyasını dəyişməsi də ailələrin və dövlətlərin əvəzolunmaz itkiləridir. Problemin miqyasını nəzərə alaraq Ümumdünya Səhiyyə Assambleyası tərəfindən 2003-cü ildə Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası qəbul edildi və 2005-ci ildə qüvvəyə mindi. Bu günədək Çərçivə Konvensiyasına 180 ölkə, o cümlədən 2005-ci ildə Azərbaycan da qoşulub. Beləliklə, Çərçivə Konvensiyası tütün epidemiyasına qarşı qlobal mübarizədə ilk addım oldu və ona qoşulan Tərəf ölkələr müəyyən öhdəlikləri üzərinə götürdülər.

İSİM-in mütəxəssislərinin çıxışında bir daha vurğulandı ki, bu gün Azərbaycan tütünlə mübarizənin yeni mərhələsinə qədəm qoyur və bunun üçün ölkədə əlverişli imkanlar, həmçinin güclü dəstək mövcuddur: Tütün epidemiyası ilə mübarizə hazırda dünyanın əksər ölkələrində qarşıda duran ən mühüm prioritetlərdən biridir. Tütün tüstüsü səbəbindən yaranan qeyri-infeksion xəstəliklərdən hər il 6 milyon insan dünyasını dəyişir, eyni zamanda tütün epidemiyası ilə əlaqəli xərclər, o cümlədən səhiyyə xərclərinin artması və iş qabiliyyətli əhalinin məhsuldarlığının azalması ildə 1,4 trilyon ABŞ dolları həcmində qlobal iqtisadi itkilərə gətirib çıxarır.

Müzakirə və çıxışlarda bildirildi ki, Azərbaycanda tütünlə mübarizə sahəsində bir çox işlər görülüb və bundan sonra da məqsədyönlü tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu baxımdan, tütünlə mübarizə sahəsidə hazırlanan yeni Qanun layihəsi Azərbaycan Respublikası əhalisinin, xüsusilə də uşaq, yeniyetmə və gənclərin sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği, tütün tüstüsünün təhlükələrindən mühafizəsi məqsədilə daha əhəmiyyətli, səmərəli hüquqi əsasları müəyyən edir.