“Araşdırmalar göstərir ki, əgər Azərbaycanda kişilərin 36 faizi siqaret çəkirsə, siqaret çəkməyən kişilərin 77 faizi ictimai və iş yerlərində, qadınların isə 41 faizi evdə tütün tüstüsünün təsirinə məruz qalır”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İсtimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində Milli Məclisdə təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, bu nisbət yeniyetmələrə gəldikdə daha nəzərə çarpacaq səviyyədədir: “Belə ki, Azərbaycanda yeniyetmələrin 7 faizi tütün çəkirsə, siqaret çəkməyən yeniyetmələrin 29 faizi evdə, 41 faizi isə qapalı və ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalırlar. Bu göstərici son beş ildə 50 faiz artıb”.
Nazirlik rəsmisi onu da qeyd edib ki, ikincili tütün tüstüsünün təsirinin təhlükəsizliyi mövcud deyil: “Qapalı şəraitdə hətta havalandırma sistemi olduqda belə onun təsirinin təhlükəsiz səviyyəsinə endirmək qeyri-mümkündür. ÜST-ün tövsiyəsinə görə yalnız tütün tüstüsündən tam azad ərazidə effektliliyi təmin etmək olar. Avropanın 10 ölkəsində hərtərəfli qadağalar tədbiq edilir”.
Ceyhun Məmmədov deyib ki, tütünün məhdudlaşdırılmasının ölkədə turizmin inkişafına mane olacağı barədə iddialar doğru deyili: “Belə fikirlər səslənir ki, kafe və restoranlarda siqaretlərdən istifadənin qadağan edilməsi turistlərin ölkədən qaçması və gələcəkdə bu səbəbdən turistlərin sayının azalmasına təsir göstərəcək. Lakin bu gün Avropa İttifaqı ölkələrindən gələn turistlər restoranlarda siqaret çəkməyi normal qarşılamayaraq qeyri-adekvat, yad bir hal kimi qiymətləndirirlər. Bu gün ictimai yerlərdə siqaret çəkmək vətəndaşların Konstitusiya hüquqlarının pozulmasına səbəb olur”.