XƏBƏRLƏR

27 Aprel 2017

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib

www.azertac.az 

Aprelin 27-də Milli Məclisdə “Azərbaycanda tütün məmulatlarından istifadə ilə mübarizədə qanunvericiliyin gücləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, əmək və sosial siyasət, insan hüquqları, səhiyyə, hüquq siyasəti və dövlət quruculuğu, mədəniyyət komitələrinin birgə iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə, Gənclər və İdman, Ədliyyə nazirliklərinin, Dünya Səhiyyə Təşkilatının, Ombudsman Aparatının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Azad İstehlakçılar Birliyinin və digər ictimai təşkilatların nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

“Dəyirmi masa”nın açılışında Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova gündəlikdəki məsələ barədə məlumat verib, qanunun hazırlanması və təkmilləşdirilməsi istiqamətində parlamentdə görülən işlərdən söz açıb.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli xalqımızın sağlam gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən qanun layihəsinə həsr olunmuş bugünkü ictimai müzakirənin faydalı olacağını vurğulayıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tütün istifadəsinin insan sağlamlığına vurduğu ziyana dair bir sıra faktları diqqətə çatdırıb, dünya ölkələrində tütün istifadəsinin məhdudlaşdırılmasının müsbət nəticələrindən danışıb. Çıxışlarda qeyd olunub ki, Milli Məclisdə müzakirəyə çıxarılmış qanun layihəsində tütünlə mübarizənin bütün istiqamətləri əhatə olunub.

“Dəyirmi masa” iştirakçılarına 3 fəsil, 17 maddədən ibarət qanun layihəsi barədə ətraflı məlumat verən Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev qeyd edib ki, tütün məmulatlarının istehlakının məhdudlaşdırılmasına dair qanunun tətbiqi ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli perspektivlərə yol açacaq.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov diqqətə çatdırıb ki, bu qanun xüsusilə uşaq və gənclərin tütündən mühafizəsi sahəsində böyük rol oynayacaq. Həmin qurumun şöbə müdiri Tofiq Musayev isə yeni qanun layihəsini Dünya Səhiyyə Təşkilatının “Tütünə qarşı mübarizə haqqında” Çərçivə Konvensiyası kontekstində nəzərdən keçirib, prioritet tələblərə nə dərəcədə cavab verdiyini şərh edib.

Qanun layihəsi ətrafında geniş müzakirədə səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, deputatlar Elman Nəsirov, Qənirə Paşayeva, Sona Əliyeva, Araz Əlizadə, Əflatun Amaşov qeyd və təkliflərini bildiriblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov xüsusilə böyüməkdə olan nəslin – gənclərin sağlamlığının qorunması və onların zərərli vərdişlərdən uzaq durması üçün tütünə qarşı mübarizənin qanunla tənzimlənməsinin vacibliyini vurğulayıblar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Ombudsman Aparatının əməkdaşı Faiq Ağayev, “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov, Prezident yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov qanun layihəsi ilə bağlı bir sıra təkliflər irəli sürüblər.

Fikir mübadiləsindən sonra komitə sədri Hadi Rəcəbli bildirib ki, irəli sürülən təkliflər nəzərə alınacaq.

“Dəyirmi masa”ya yekun vuran vitse-spiker Bahar Muradova müzakirənin yüksək səviyyədə keçdiyini və çox faydalı olduğunu qeyd edib.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.