XƏBƏRLƏR

28 Aprel 2017

“Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” ilə bağlı müzakirə keçirildi

www.sehiyye.gov.az

27.04.2017-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisində “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” mövzusuna həsr olunmuş dəyirmi masa təşkil edildi.

Parlamentin 5 komitəsi (Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, İnsan hüquqları komitəsi, Əmək və sosial siyasət komitəsi, Gənclər və idman komitəsi, Səhiyyə komitəsi) tərəfindən təşkil olunan tədbirdə deputatlar, Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxsləri, Ombudsman Aparatının nümayəndələri, ictimai qurumların təmsilçiləri, ASAN Könüllüləri Təşkilatı, o cümlədən digər müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər.

Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq, gündəliyə daxil olan məsələ barədə məlumat verdi. B.Muradova bildirdi ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi günün vacib tələblərindən biridir və bu tələblərə uyğunlaşmaq üçün gündəmdə olan qanun layihəsi Milli Məclisdə 1-ci oxunuşda artıq müzakirə edilib. O, qeyd etdi ki, komitələrin müzakirələrində bir çox təkliflər irəli sürülüb və onların nəzərə alınmasının vacibliyi barədə fikir formalaşıb. B.Muradova azyaşlıların və yeniyetmələrin siqaretdən istifadə etməsi məsələsinə çıxışında xüsusi yer ayırdı: “Azyaşlıların və yeniyetmələrin onlara verilən çörək pulu ilə siqaret almaları məsələsinə diqqət etməliyik. Düşünürəm ki, siqaret bahalaşsa, azyaşlıların və yeniyetmələrin ondan istifadə etməsi məhdudlaşar”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli birinci oxunuşdan keçən qanun layihəsinin aktual problemə həsr edildiyini və tütündən istifadənin sağlamlığa zərərli vərdiş olduğunu söylədi. H.Rəcəbli bildirdi ki, bu qanun layihəsi Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyənləşdirir. Qeyd edildi ki, deputatların təklifləri artıq nəzərə alınıb, qanun layihəsinə bir sıra əlavə və dəyişikliklər edilib.

İctimai yerlərdə digər tütün məmulatları ilə yanaşı, sulu qəlyan və elektron siqaretdən istifadə də qadağan olunur. Komitə sədri qeyd etdi ki, tütünlə mübarizə məsələsi, daha doğrusu, ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan müvafiq qanun layihəsi ictimaiyyətdə geniş müzakirəyə səbəb olub. Bu, daim diqqət mərkəzində olan məsələdir, çünki birbaşa insanların sağlamlığı ilə bağlıdır.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tədbir iştirakçılarını tütün məmulatlarının insana vurduğu zərəri düzgün anlamağa çağırdı. Komitə sədri qeyd etdi ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistikaya görə, tütündən istifadəyə görə hər 6 saniyədə 1 insan dünyasını dəyişir. Tütün məmulatları istifadə edənlərin ağciyər xərçənginə tutulması tütündən istifadə etməyənlərlə müqayisədə 30 dəfə çoxdur.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin əhalinin sağlamlığının qorunması istiqamətində əhəmiyyətli perspektivləri barədə ətraflı danışdı. C.Məmmədov bildirdi ki, müzakirə olunan qanunun qəbul edilməsi ölkə əhalisinin, xüsusilə də, uşaq, yeniyetmə və gənclərin, tütündən istifadə etməyən, lakin tütün tüstüsünə məruz qalan insanların tütün təsirindən mühafizəsi üçün böyük əhəmiyyətə malik ola bilər. “Yeni qanunun qəbul edilməsi 2015-ci ildə cənab Prezident tərəfindən imzalanmış “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın tələblərindən irəli gəlir. Həmin strategiyada tütünlə mübarizə məsələlərinə xüsusi diqqət yetirilir, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası maddələrinin uyğunluğu baxımından gücləndirilməsi tələb olunur. Ona görə də, məqsədimiz: bu gün burada müzakirə edilən qanun layihəsinin 2005-ci ildə Azərbaycanın da qoşulduğu Çərçivə Konvensiyasının bütün tələblərinə, ən azı isə tətbiqi son dərəcə zəruri olan müvafiq maddələrinə cavab verməsinə nail olmaqdır”, - deyə C.Məmmədov bildirdi.

İSİM-in direktoru dəyirmi masa iştirakçılarının diqqətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda Yevlax rayonunda keçirilən respublika müşavirəsində dediyi sözlərə yönəltdi: “Cənab Prezidentimiz xüsusi qeyd etmişdir ki, yeni, müasir siqaret fabriklərinin Azərbaycanda tikintisi bizim vətəndaşların daha çox siqaret çəkməsi üçün yox, bunun ixracı çox gəlir gətirən bir sahə olduğu üçün nəzərdə tutulmalıdır”.

Çıxışlardan sonra tədbir iştirakçıları mövzunun fəal müzakirəsini apardılar. Qanun layihəsinə münasibət bildirən deputat Qənirə Paşayeva qadağalardan və məhdudiyyətlərdən danışarkən ev şəraitində, ailə üzvləri arasında çəkilən siqaretin ziyanının necə aradan qaldırılacağı sualına diqqət yönəltdi. O bildirdi ki, valideynlər qarşısında uşaqların siqaretə meyillənməsinə görə məsuliyyətin formalaşdırılması məsələsi qaldırılmalıdır, bunun üçün də dünya ölkələrinin təcrübəsi göstərdiyi kimi ən yaxşı üsul da siqaret qutularının üzərində olan antireklam şəkilləridir. Deputatın çıxışında vurğulandı ki, ikincili tütün tüstüsü, hətta havalandırma sistemi olduqda belə, onun təsirini təhlükəsiz səviyyəyə endirmək mümkün deyil.

Sonda B.Muradova “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin ikinci oxunuşda plenar iclasa tövsiyə olunmasını təklif etdi və təklif dəyirmi masa iştirakçıları tərəfindən qəbul olundu.