XƏBƏRLƏR

18 May 2017

Tütündən istifadənin məhdudlaşdırılmasında yaş həddinin 18-dən 21-ə qaldırılması təklif edilib

www.apa.az

Milli Məclisin bu gün keçirilən iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bir sıra təkliflər səsləndirilib.

APA-nın məlumatına görə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, layihənin hazırlanması cəmiyyətin tələbidir. O qeyd edib ki, qanunun qəbulu ilə iş bitmir, bunun işlək mexanizmi yaradılmalıdır. Ə. Əmiraslanov təklif edib ki, siqaretin qadağası ilə bağlı minimum yaş həddi 18-dən 21-ə qaldırılsın.
 
Deputat Şahin İsmayılov bildirib ki, qanunun qəbulunun ardınca tütün asılılığından xilas olmaq üçün qaynar mərkəzlərin yaradılması lazımdır: “Qəlyanlar məsələsinə gəlincə, çay evlərində qəlyanların verilməsi geniş yayılıb. Qəlyan aparatlarının mütəmadi təmizlənməməsi, eyni qəlyandan ayrı-ayrı şəxslərin istifadəsi bəzi xəstəliklərin yaranmasına gətirib çıxarıb. Qonşu ölkələrdə bu praktika olub. Ona görə həmin iaşə obyektləri qarşısında qəlyandan istifadə zamanı aparatlarındakı borularının yenilənməsi şərt kimi qoyulmalıdır”.