Milli Məclisin bu gün keçirilən iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, layihə barədə məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, 17 maddə 3 Fəsildən ibarət olan qanun layihəsində Azərbaycanda tütün məmulatlarından (siqaretdən), sulu qəlyandan və elektron siqaretlərdən istifadənin məhdudlaşdırılması, yalnız xüsusi icazə verilmiş yerlərdə istifadəsi əks olunub.
Qadağan olunmuş yerlər aşağıdakılardır:
- təhsil və tərbiyə müəssisələri, onların əraziləri;
- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);
- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;
- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)
- ticarət obyektləri;
- məişət obyektləri;
- sosial xidmət müəssisələri;
- yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);
- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;
- uşaq meydançaları;
- yerüstü qapalı və yeraltı piyada keçidləri;
- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;
- metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;
- hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);
- tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;
- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;
- taksofonlar;
- yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr;
Layihədə göstərilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını yuxarıda sadalanan qadağan olunmuş yerlərdə “Siqaret çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir. Tütün çəkmək üçün ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir. Bundan başqa göstərilir ki, tütündən istifadə ilə bağlı müalicə dövlət hesabına aparılacaq, mağazalarda siqaret almaq istəyən yeniyetmələrdən şəxsiyyət vəsiqəsi tələb olunacaq.
Layihə səsə qoyularaq ikinci oxunuşda, eyni zamanda əsas kimi qəbul edilib.