XƏBƏRLƏR

1 İyun 2017

Ümumdünya Tütünsüz Günə həsr olunmuş seminar təşkil olunub

www.azertag.az

1988-ci ildə keçirilən Dünya Səhiyyə Təşkilatı (DST) Assambleyasının 42-ci sessiyasında mayın 31-i Dünya Tütünsüz Günü təsis olunub. Həmin gün hər yerdə qeyd olunur, diqqəti tütündən istifadə edilməsinin sağlamlıq üçün yaratdığı təhlükələrə yönəldir və tütün istehlakının miqyasının azaldılması üzrə səmərəli siyasət aparmağa çağırır.

Bu gün ölkəmizdə də bir sıra tədbirlər həyata keçirilir. Belə seminarlardan biri də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əlamətdar günün builki mövzusu “Tütün - inkişaf üçün təhlükə!”nin aradan qaldırılmasında KİV-lərin roluna həsr edilib. Tütünlə mübarizə sahəsində İSİM-in yaydığı məlumatların kütləvi informasiya vasitələrilə ictimaiyyətə çatdırıldığı nəzərə alaraq, KİV-lərlə aparılan mübarizənin daha yaxşı səmərə verməsi üçün müxtəlif ölkələrdə tətbiq edilən metod və alqoritmlər seminarın əsas müzakirə predmeti olub.

Tədbirdə İSİM-in mütəxəssisləri Tofiq Musayev, Səbinə Babazadə və başqaları media nümayəndələri üçün mövzu ətrafında müxtəlif təqdimatlar ediblər.

Tədbir iştirakçılarına “Tütün epidemiyası – problemlər, prioritetlər, nailiyyətlər” haqqında məlumat verilib, tütün tüstüsünün qeyri-infeksion xəstəliklərin bir nömrəli risk faktoru olduğunu sübut edən dəlillər göstərilib, ictimaiyyətin maariflənməsi sahəsində İSİM tərəfindən həyata keçirilən tədbirlər jurnalistlərin diqqətinə çatdırılıb. Seminarın səmərəliliyini artırmaq üçün KİV nümayəndələrinə tütünlə mübarizədə media işinin forma və metodları, düzgün istiqamətlənmiş iş alqoritmi ilə əlaqədar digər ölkələrin təcrübəsi barədə məlumatlar verilib.

Seminarda interaktiv kommunikasiyanın yaradılması üçün jurnalistlərin iştirakı ilə tütün tüstüsünün tərkibindəki zərərli maddələr araşdırılıb.

Tədbirdə iştirak edən media nümayəndələrinə sertifikat və hədiyyələr təqdim olunub.