Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən etibarən 31 may Dünya Tütünsüz Günü kimi qeyd edilir (World No Tobacco Day).
Günün keçirilməsində əsas məqsəd cəmiyyətin marağını bu problemə çəkərək tütünün orqanizmə vurduğu zərərlə bağlı ictimaiyyəti maarifləndirməkdir. Dünya ictimaiyyətinin qarşısında XXI əsrdə tütündən istifadə probleminin tamamilə aradan qaldırılması məqsədi qoyulmuşdu. Lakin XXI əsrin gəlməsinə baxmayaraq bu problem öz aktuallığını hələ də saxlayır və nikotinlə mübarizə davam edir. Dünya Tütünsüz Gününün əsas məqsədi indiki və gələcək nəsilləri bu problemdən qorumaqdır. Belə ki, tütündən istifadə edənlər özləri ilə yanaşı tüstüyə məruz qalan digər insanların da həyatlarını təhlükə qarşısında qoyurlar. Tütün məmulatları insan sağlamlığına vurduğu dağıdıcı təsirlə yanaşı həm də dünya miqyasında sosial, ekoloji və ekonomik bəlaya çevrilib. Hər il “tütün epidemiyası”ndan altı milyona yaxın, tütün tüstüsündən isə 600 min insan dünyasını dəyişir. Hesablamalara görə belə davam etdiyi təqdirdə 2030-cu ildə bu pis vərdiş səbəbindən vəfat edənlərin sayı 8 milyona çatacaq.
Müxtəlif ölkələrin sakinləri arasında aparılan sorğulara əsasən bəlli olub ki, tütündən istifadə edənlərin üçdə ikisi siqaretin zərərlərindən xəbərsizdirlər. Hazırda bu asılılığın müxtəlif üsullarla müalicəsi var və hər bir yaşda bundan imtina etmək mümkündür. Mütəxəssislər bildirirlər ki, 30-35 yaş arası siqareti “atanlar”ın yaş həddi həyatları boyunca tütündən istifadə etməyənlərlə eynidir.