Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi üçüncü oxunuşda və İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yenilik müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi 3 fəsil, 17 maddədən ibarətdir.
Bildirilib ki, bu qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
Qanun layihəsinin tütün məmulatlarının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması haqqında maddəsinə əsasən tütün məmulatlarının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istifadəçilərin həvəsləndirilməsi üçün üsullardan istifadə edilməsi qadağan edilir. Belə ki, bura tütün məmulatlarının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi, tütün məmulatlarının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi, tütün məmulatlarının satışı və istifadəsi ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların, o cümlədən stimullaşdırıcı lotereyaların keçirilməsi daxildir. Tütün istehsalı və satışı ilə məşğul olan şəxslər istehsal edilən və ya satışa çıxarılan tütün məmulatlarını istehlakçılara hədiyyə və ya yardım kimi paylaya bilməzlər. Azərbaycanda tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində, sanatoriya-kurort müəssisələrində və onların ərazilərində (açıq məkanlar istisna olmaqla), idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə xüsusi ayrılmış yerlər istisna olmaqla onların ərazilərində, restoranlar, kafelər, barlar daxil olmaqla ictimai iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, yerləşdirmə vasitələrində (tütün çəkənlər üçün otaqlar və xüsusi ayrılmış yerlər təşkil oluna bilər), teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində, uşaq meydançalarında tütündən istifadə qadağandır. Eyni zamanda, yerüstü qapalı və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarında, hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla), su nəqliyyatı vasitələrində (xüsusi ayrılmış yerlər istisna olmaqla), tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə ola yerlərində, taksofonlarda, yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində (xüsusi ayrılmış yerlər istisna olmaqla) də bu qadağa tətbiq olacaq. Mülkiyyət növündən təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.
Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir. Sənəddə bildirilir ki, yetkinlik yaşına çatmayanlara tütün məhsullarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb olunması qadağandır. Bu qanun layihəsinin tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar və bununla bağlı layihədə də müzakirə olunub. Belə ki, İnzibati Xətalar Məcəlləsində dəyişikliyə əsasən 189.4-cü maddənin dispozisiyasında “yetkinlik yaşına çatmayanların” sözlərindən sonra “tütündən istifadəsinə” sözləri ilə, sanksiyasında “altmış manatdan yüz” sözləri “yüz manatdan iki yüz əlli” sözləri ilə əlavə ediləcək. 212.2-ci maddənin dispozisiyası yeni redaksiyada veriləcək. Belə ki, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasının təmin edilməsinə görə, yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsi maddəsinə əsasən altmış manatdan yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə valideynlər və ya digər qanuni nümayəndələr yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə ediləcək.
Layihə səsə qoyularaq qəbul olunub.