Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir. SİA-nın xəbərinə görə, iclasda ilk növbədə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi III oxunuşda müzakirə edilir.
Layihə haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, layihə Milli Məclisin spikeri Oqtay Əsədovun dəstəyi ilə hazırlanıb. Qanun layihəsi ilə bağlı dinləmələrin keçirildiyini deyən komitə sədri söyləyib ki, ardıcıl aparılan işlərdən sonra hazırki qanun layihəsinin son variantı reallıqlara əsasən təqdim olunub: “Hesab edirəm ki, qanun layiəsi plenar icasa çıxarılaraq qəbul oluna bilər və daha sonra lazım olsa, yenidən qanun layihəsinə qayıtmaq mümkündür. Ümumilikdə isə layihə Milli Məclisin qanun mətbəxinin uğurlu məhsuludur. Qanun sağlam həyat təbliği və gənc nəslin sağlam böyüməsinə töhfə verəcək”.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa söyləyib ki, son zamanlar Milli Məclisdə qəbul edilən qanunlar arasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi hadisə kimi qiymətləndirilə bilər.
Qanunun əleyhdarlarının olduğunu deyən deputat söyləyib ki, buna əməl etməyi düşünən insanların sayı çoxdur: “Hesab edirəm ki, qanun layihəsinin ilkin mərhələdə tətbiqində problem olacaq. Bu baxımdan onun ilkin tətbiqi üçün maarrifləndirməyə ehtiyac olacaq. Lakin ümumilikdə qanun çox yüksək səviyyədə hazırlanıb”.
F. Mustafa çıxışı zamanı deputatların tütünün törətdiyi zərərlə bağlı arayış şəklində sənəd hazırlamasını da təklif edib.
Daha sonra çıxış edən deputat Məlahət İbrahimqızı söyləyib ki, qanun hər kəsin hüquqlarını qoruyacaq səviyyədədir.
Tütünlə bağlı daha çox şadlıq evlərində xüsusi problemlərin olduğunu deyən deputat söyləyib ki, qanunda bununla bağlı sərt işarələrin olması vacibdir.
Millət vəkili Rövşən Rzayev qeyd edib ki, bu, müasir dövr üçün vacib olan layihədir.
Millət vəkili qanun layihəsində cərimələrin artırılmasını təklif edib. O bildirib ki, qanun layihəsində metropoliten ərazisində tütün məmulatlarından istifadə edənlər üçün 100 manat cərimə nəzərdə tutulub: “Lakin metro ərazisində insanların çoxluğunu nəzərə alsaq düşünürəm ki, bu cərimənin 500 manata çatdırılması təqdirəlayiq olar”.
Deputat Qüdrət Həsənquliyev söyləyib ki, məktəblərdə tütünün ziyanı ilə bağlı xüsusi dərslər keçirilməlidir və bu dərslər məcburi olmalıdır: “Çünki hər şey məktəbdən başlayır və uşaqlar da tütündən istifadəni, məhz məktəb yaşlarında başlayır”.
Müzakirələr zamanı fikirlərini bildirən millət vəkili Hikmət Məmmədov qanun layihəsinin mükəmməl səviyyəyə çatdırıldığını dilə gətirib. Deputat çıxışı zamanı qanun layihəsində nəzərdə tutulan cərimələrin minimum əmək haqqı səviyyəsinə uyğun tənzimlənməsini qeyd edib.