“Dünya Bankı siqaretə vergi tətbiqinin tərəfdarıdır. Dünya təcrübəsi də göstərir ki, bu sahəyə vergi tətbiqi tütün istehlakının azalmasına xidmət edir”. Bunu tütünə vergi tətbiqi ilə bağlı keçirilən seminarda Dünya Bankının tütün məhsullarına vergi qoyulmasına görə, dünya üzrə koordinatoru Patrisio Markez deyib.
P.Markez qeyd edib ki, verginin tətbiqi büdcə daxilolmalarının da artmasına səbəb olur: “Tütün məhsullarına verginin tətbiqi siqaretdən istifadəni azaldır. Bəzi ölkələrin təcrübəsi deməyə əsas verir ki, əgər vergi nəticəsində siqaretin qiyməti 10% artırsa, bu, istehlakın 4% azalmasına şərait yaradır”.
Ekspert hesab edir ki, siqaretə vergi tətbiqini əhalinin gəlirinə uyğunlaşdırmaq lazımdır: “Çin bu yaxınlarda çox effektiv təcrübəyə başlayıb. Belə ki, onlar tütün və tütün məhsullarına vergi tətbiqini əhalinin gəlirlərinə uyğunlaşdırmağa başlayıblar. Yəni, nəzərə almaq lazımdır ki, əhalinin gəliri artarsa, onlar yenidən siqaret çəkməyə başlaya bilərlər. Bu sahəyə vergi tətbiqi nəticəsində Filippin büdcəsinə 4 mlrd. dollar, ABŞ-da isə 15 mlrd. dollarlıq daxilolma qeydə alınıb”.
“Tütün şirkətləri təbliğat aparır ki, əgər vergi artsa, qaçaqmalçılıq faktları artacaq. Amma bizim onlara qarşı deyəcəyimiz çox güclü arqumentlərimiz var. Bu gün siqaretlər müasir texnologiya ilə hazırlanır ki, bu da onun çox ucuz başa gəlməsinə şərait yaradır”, – deyə Bank eksperti bildirib.