Dünya Bankının nümayəndələri – insan resurslarının inkişafı departamentinin mütəxəssisi İrina Quban (Moldova) və səhiyyə iqtisadiyyatı üzrə ekspert Olena Doroşenko (Ukrayna) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) olublar.
İSİM-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzin əməkdaşları ilə görüşdə xarici ekspertlər öz ölkələrində tütün məmulatlarına qoyulan vergilər barədə geniş təqdimatla çıxış edib, tütünlə mübarizə istiqamətində aparılan islahatlardan söz açıblar. Bildirilib ki, Dünya Bankı siqaretə vergi artırılmasının tətbiqinin tərəfdarıdır. Dünya təcrübəsi də göstərir ki, bu sahəyə vergi tətbiqi tütün istehlakının azalmasına xidmət edir. Tütün məmulatlarına qoyulan vergi sisteminə dəyişikliklər və bu sahədə səmərəli tədbirlərin həyata keçirilməsi nəticəsində öz ölkələrində tütünlə mübarizədə əldə olunan nailiyyətlər əlavə vəsaitlərin dövlət büdcəsinə regenerasiya olmasına imkan yaradır. Verginin tətbiqi büdcə daxilolmalarının da artmasına səbəb olur. Bir sözlə, tütün məhsullarına verginin tətbiqi siqaretdən istifadəni azaldır. Ekspertlərin sözlərinə görə, bəzi ölkələrin təcrübəsi deməyə əsas verir ki, əgər vergi nəticəsində siqaretin qiyməti 10 faiz artırsa, bu, istehlakın 4 faiz azalmasına şərait yaradır.
Tədbirdə İSİM-in direktoru Ceyhun Məmmədov qonaqlara “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində atılan addımlar və İSİM-in bu istiqamətdə geniş fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, tütün qeyri-infeksion xəstəliklərin əsas risk faktorlarından biridir, ona görə də tütün məmulatlarına və bu zərərli vərdişə qarşı tədbirlərə “Azərbaycan Respublikasının qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”sında böyük əhəmiyyət verilir.
Sonra qonaqlar İSİM-in fəaliyyəti ilə yaxından tanış olublar.