XƏBƏRLƏR

17 İyul 2017

İSİM-də Dünya Bankının nümayəndələri ilə görüş olub

www.sehiyye.gov.az

Dünya Bankının nümayəndələri – insan resurslarının inkişafı departamentinin mütəxəssisi İrina Quban (Moldova) və səhiyyə iqtisadiyyatı üzrə ekspert Olena Doroşenko (Ukrayna) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) olublar.

İSİM-in əməkdaşları ilə görüş keçirən xarici ekspertlər öz ölkələrində tütün məmulatlarına qoyulan vergilər barədə geniş təqdimatla çıxış ediblər, tütünlə mübarizə istiqamətində aparılan islahatlardan söz açıblar.

Bildirildi ki, Dünya Bankı siqaretə vergi artırılmasının tətbiqinin tərəfdarıdır. Dünya təcrübəsi göstərir ki, bu sahəyə vergi tətbiqi tütün istehlakının azalmasına xidmət edir. Tütün məmulatlarına qoyulan vergi sisteminə dəyişikliklər və bu sahədə səmərəli tədbirlərin həyata keçirilməsi nəticəsində öz ölkələrində tütünlə mübarizədə əldə olunan nailiyyətlər əlavə vəsaitlərin dövlət büdcəsinə regenerasiya olmasına imkan yaradır.

Verginin tətbiqi büdcə daxilolmalarının da artmasına səbəb olur. Bir sözlə, tütün məhsullarına verginin tətbiqi siqaretdən istifadəni azaldır. Ekspertlərin sözlərinə görə, bəzi ölkələrin təcrübəsi deməyə əsas verir ki, əgər vergi nəticəsində siqaretin qiyməti 10% artırsa, bu, istehlakın 4% azalmasına şərait yaradır.

İSİM-in direktoru C.Məmmədov qonaqlara “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində atılan addımlar və İSİM-in bu istiqamətdə geniş fəaliyyəti barədə ətraflı məlumat verib. Müəssisə rəhbəri qeyd edib ki, tütün qeyri-infeksion xəstəliklərin əsas risk faktorlarından biridir, ona görə də tütün məmulatlarına və bu zərərli vərdişə qarşı tədbirlərə “Azərbaycan Respublikasının qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”sında böyük əhəmiyyət verilir.

Sonda qonaqlar Azərbaycanda ictimai səhiyyə müəssisə olan İSİM-in fəaliyyəti ilə yaxından tanış oldular.