XƏBƏRLƏR

18 Oktyabr 2017

“Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” seminar keçirilib

www.sehiyye.gov.az 

10-12 oktyabr 2017-ci il tarixlərdə Tiflisdə “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” Protokolun qüvvəyə minməsinə dəstək məsələləri üzrə çoxsektorlu seminar keçirilir.

Gənc müstəqil dövlətlər üçün nəzərdə tutulan seminar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyasının Katibliyinin və ÜST-nin Avropa Regional Bürosunun dəstəyi ilə həyata keçirilib.

Azərbaycan Respublikasını seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri, Xarici İşlər Nazirliyinin təmsilçisi və Dövlət Gömrük Komitəsinin nümayəndəsi təmsil etdilər.

Üç gün davam edən seminarda tütün sənayesi, “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” protokolun ümumi müddəaları, öhdəlikləri, protokol əsasında nəzarət qaydaları, sanksiyalar, beynəlxalq əməkdaşlıq barədə müzakirələr aparılacaq. Seminar çərçivəsində həmçinin ÜST-nin Avropa Regional Bürosunun ekspertləri tərəfindən ikili görüşlər təşkil olunacaq.

Səhiyyə Nazirıliyinin Mətbuat Xidmətinin məlumatı