"Rastıma çıxan yanlış məlumat belə idi ki, guya sahibkarlar öz obyektlərində siqaret çəkmək üçün xüsusi yerlər ayırmasalar, cərimələnəcəklər. Lakin bu məlumat doğru deyil və yeni qanuna əsasən, sahibkarların belə bir xüsusi yer yaratmaq vəzifəsi yoxdur, onlar bu vəzifəni icra etməməyə görə cərimə oluna bilməzlər".
Onun sözlərinə görə, yeni qanuna görə, sahibkarlar iş yerində siqaret çəkmək üçün yer ayıra bilərlər, amma buna məcbur deyillər:
"Bu yanlış məlumatı yayanlar İnzibati Xətalar Məcəlləsinin 212.2-ci maddəsindən çıxış edirlər. Lakin 30.12. 2017 tarixdən qüvvəyə minmiş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun bundan əvvəl həmin məsələləri tənzimləyən "Tütün və tütün məmulatı haqqında" Qanunun 20-ci və 21-ci maddələrini ləğv etmişdir. Sahibkarın iş yerində (ofisdə, istehsalat sahəsində, obyektdə, restoranda, mehmanxanada və s.) siqaret çəkmək üçün xüsusi yer ayırmaq vəzifəsi köhnə qanunun həmin ləğv olunan 21-ci maddəsində yer alırdı, Bu maddə ləğv edildi.
Yeni Qanun isə sahibkar üçün analoji vəzifə müəyyən etmir. Hətta yeni qanunun əsas ideyası budur ki, imkan daxilində qapalı ictimai yerlərdə siqaret çəkmə istisnasız qadağan edilsin.
Beləliklə, yeni qanun sahibkarların, yəni hüquqi və fiziki şəxslərin siqaret çəkmək üçün xüsusi yer ayırmaq vəzifəsini ləğv etdiyindən, İXM-in 212.2-ci maddəsində bu vəzifənin icra edilməməsinə görə cərimə müəyyən edən müddəa da avtomatik olaraq 30.12.2017 tarixindən hüquqi qüvvəsini itirmiş sayılır. Hazırda sahibkar yalnız obyektində "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmamasına görə İXM-in 212.2-ci maddəsi üzrə cərimə (fərdi sahibkar 400 manat, hüquqi şəxs 1000 manat) oluna bilər".