2010-cu il iyun ayının 23-də İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Tütünlə Mübarizə Koalisiyasının V görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov 7 - 10 iyun tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası” nın tətbiqi zamanı müxtəlif ölkələrdə qarşıya çıxan problemlər və uğurlu təcrübələrə həsr olunmuş tədbir barədə məlumatları iştirakçılarla bölüşdü. Çərçivə konvensiyasının həyata keçirilməsi ilə bağlı rəhbər prinsiplərin əhəmiyyətindən bəhs edən C. Məmmədov Azərbaycanda tütünlə mübarizə sahəsində hazırlanan milli strategiyada bu prinsiplərin nəzərə alınmasının vacibliyini vurğuladı. Həmçinin o, 2010-cu ildə Azərbaycanın Çərçivə konvensiyasına qoşulmasının 5 illiyi və bu münasibətlə tədbirlərin keçirilməsinin vacibliyini bildirdi.
Gündəliyə uyğun olaraq iştirakçılar “31 May – Beynəlxalq Tütünsüz Günü” ilə bağlı keçirilən tədbirlər haqqında məlumat verdilər.
Daha sonra Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyanın rəhbəri Nurlan Əliyev koalisiya tərəfindən keçirilən tütünlə mübarizə gününə həsr olunmuş rəsm müsabiqəsi haqqında məlumat verdi. 80-dən çox rəsm işinin təqdim olunduğu müsabiqənin qaliblərinin 26 may tarixində keçirilən tədbirdə mükafatlandırıldığını və 36 ən yaxşı rəsmlərdən ibarət sərgi nümayiş etdirildiyini qeyd etdi.
Sağlam Düşüncə Gənclər Təşkilatın nümayəndəsi Ramiz Əliyev artıq 5 aydır ki “NO SMOKİNG – Sağlam həyat tərzi kampaniya”sı həyata keçirdiklərini və kampaniyanın əsas məqsədinin gənclər arasında tütün əleyhinə təbliğat aparmaq və gəncliyimizi və gələcəyimizi bu bəladan xilas etmək olduğunu bildirdi. Kampaniya çərçivəsində “Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası” və “Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası” ilə birlikdə “30 may – 30 iyun Tütünsüz aylığı”na start verildiyini və bu bir ay ərzində Bakı və Sumqayıt şəhərlərində tütün əleyhinə sənədli və bədii filmlər nümayiş olunduğunu və davam etdirildiyini, gənclərin iştirakı ilə flash-moblar, velo-yürüşlər və seminarlar təşkil olunacağını qeyd etdi.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Komitəsində hazırlanan “Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” qanun layihəsi haqqında geniş müzakirələr aparıldı.
Görüşdə Təhsil Nazirliyi, Kənd Təssərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, İSİM, Sağlamlığa Çağırış QHT Alyansı, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası, “Sağlam Düşüncə” İctimai Birliyi nümayəndələri eləcə də Səhiyyə Nazirliyinin “Sağlam həyat tərzi” layihəsinin milli koordinatoru Azad Hacıyev iştirak edirdilər.