"Son 5 il ərzində Azərbaycanda uşaqların tütün tüstüsünün təsirinə məruz qalma səviyyəsi 50 faizədək artıb".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib. O bildirib ki, uşaqların 41 faizə qədəri evlərdə, ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır: "Yeniyetmələrin tütün çəkməsi ilə aparılan sorğular isə bu rəqəmin 7 faizə qədər olduğunu göstərir".
Şöbə müdiri qeyd edib ki, tütünçəkmə ilə bağlı sual verəndə adətən aktiv tütün çəkənlərdən söhbət açılır: "Daha təhlükəli olan proses passiv tütün çəkənlərdən də danışmaq lazımdır. Azərbaycanda kişilərin, təxminən, 35 faizi tütün çəkənlərdirsə, passiv tütün çəkənlərin sayı da olduqca əhəmiyyətlidir. Tədqiqatlar göstərir ki, tütün çəkməyənlərin çox faizi ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Tədqiqatların nəticəsinə görə, qadınların 41 faizi evlərində tütün tüstüsünün təsirinə məruz qalır".