“Azərbaycan üzrə Tütünlə Mübarizə Strategiyasının Hazırlanması” layihəsi çərçivəsində İSİM-də yaradılmış İşçi Qrupun növbəti görüşü
15.02.2010-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycan üzrə Tütünlə Mübarizə Strategiyasının Hazırlanması” layihəsi çərçivəsində İSİM-də yaradılmış İşçi Qrupun növbəti görüşü keçirildi. Görüşün məqsədi hazırlanan Tütünlə Mübarizə üzrə Milli Strategiyanın ilkin variantının müzakirəsi idi.
Hələ 14 dekabr 2009-cu il tarixdə (İSİM) və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası (AHCA) tərəfindən ABŞ-ın Blumberq Təşəbbüsü Fondunun dəstəyi ilə “Azərbaycan üzrə Tütünlə Mübarizə Strategiyasının Hazırlanması” layihəsi çərçivəsində tütünçəkmə ilə mübarizə məsələlərinə həsr olunmuş konfrans təşkil edilmişdir.
Məhz həmin konfransda qeyd olunmuşdur ki, tütünlə mübarizə tədbirləri çoxsektorlu yanaşma və siyasi iradə tələb edir və Azərbaycanda tütünlə mübarizə sahəsində bir çox işlərin görülməsinə baxmayaraq hələ də Tütünlə Mübarizə üzrə Milli Strategiyanın hazırlanmasına ehtiyac vardır.
Ona göra də 15.02.2010-cu il tarixdə Tütünlə Mübarizə üzrə Milli Strategiyanın ilkin variantının müzakirəsi aparıldı. Görüşdə İşçi Qrupun 9 üzvü iştirak etmişdir.
Milli Strategiya hazırlanan zaman bir sıra ölkələrin təcrübəsindən istifadə edilməsi və görüş zamanı bütün iştirakçılar tərəfindən onun əhəmiyyətli olduğu və lazımi səviyyədə hazırlandığı təsdiqləndi.
Strategiyada tütünlə mübarizə sahəsində missiya, məqsəd və vəzifələri, əsas prinsipləri, prioritet istiqamətləri və məqsəd indikatorları, tütünlə mübarizə üzrə tədbirlərin kompleksi, eləcə də nəticələrinin monitorinqi və qiymətləndirilməsi əks olunur.
Milli Stranegiyanın ilkin variantı müzakirə olunaraq mövcud çatışmazlıqların aradan qaldırılması, xüsusilə də sənədin Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq aktlara, o cümlədən “Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına” və ÜST-nin MPOWER tədbirlər kompleksinə əsaslanması və onlara istinad olunması, eləcə də məqsəd indikatorlarının bir daha dəqiqləşdirilməsi və əsaslandırılması tövsiyə olundu.