XƏBƏRLƏR

14 Mart 2010

“Tütünlə Mübarizə YOLLARI” mövzusunda Praktiki Təlim

11-12 mart 2010-cu il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası (AHCA) tərəfindən ABŞ-ın Blumberq Təşəbbüsü Fondunun dəstəyi ilə “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində tütünçəkmə ilə mübarizə məsələlərinə həsr olunmuş “Tütünlə mübarizə yolları” mövzusunda praktiki təlim keçirildi.

İki gün davam edən təlimdə dövlət və qeyri-hökumət təşkilatlarının 16 nümayəndəsi iştirak etmişdir. Tədbirdə təlimçi kimi Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının nümayəndəsi Gülnarə Axundova çıxış etmişdir.

Praktiki təlimdə tütün epidemiyası ilə bağlı məsələlər təhlil olundu, təlimçi tərəfindən müxtəlif təqdimatlarla çıxışlar edildi, tütünlə mübarizə yolları və problemləri ilə bağlı müzakirələr aparıldı.

“Dünyada tütün epidemiyası”, “Rəqib ilə tanışlıq: Tütünün tarixi, tütün növləri, marketinqin gücü”, “Tütünsüz mühit üzrə qanunvericilik”, “Tütünlə    mübarizə üzrə qlobal təşəbbüslər”, “Tütünlə mübarizədə ictimai vəkilliyin və davranışın dəyişilməsi üçün kommunikasiyanın rolu”, “Azərbaycanda tütünlə mübarizə fəaliyyətlərinin müzakirəsi” mövzuları ilə aparılan təqdimatlar və eyni zamanda “Marlboro hekayəsi” və “Tütündən azad Türkiyə” təqdimatları iştirakçılar tərəfindən xüsusi maraq doğuraraq fəal müzakirələrə və faydalı təkliflərə səbəb oldu. İşguzar və interaktiv şəraitdə keçirilən iki günlük təlimdə qrup işləri aparılmış və sonda nəticələr yekunlaşdırılmışdır.

Xüsusi vurğulanmışdır ki, tütün epidemiyasının insanlar tərəfindən törədildiyinə görə bu epidemiyaya yenə də insanlar son qoymalıdır. Lakin tütünlə mübarizə tədbirləri çoxsektorlu yanaşma tələb edir. Azərbaycanda tütünlə mübarizə sahəsində bir çox işlər görülüb, lakin hələ də bəzi çatışmazlıqların aradan qaldırılmasına və qanunların təkmilləşdirilməsinə və Tütünlə Mübarizə üzrə Milli Strategiyanın hazırlanmasına ehtiyac vardır. Ona göra də tütün epidemiyasını dayandırmaq üçün məqsədyönlü və düşünülmüş çoxsektorlu fəaliyyət aparılmalıdır.