XƏBƏRLƏR

2 Fevral 2016

Dünya Səhiyyə Təşkilatı uşaqların siqaret çəkilən səhnələrin olduğu filmlərə baxmasına etiraz edir

Bu fikir Dünya Səhiyyə Təşkilatının (DST) Cenevrədə bazar ertəsi çap etdirdiyi məruzədə yer alıb. Təşkilat uşaq və yeniyetmələri kino səhnələrində tütün reklamlarından qorumaq üçün hökumətləri tədbir görməyə çağırıb.

“Siqaret çəkmə səhnəsindən azad kino – sözdən işə keçməli” sərlövhəli tədqiqatda yazılıb: “Tütün məhsullarını nümayiş etdirən filmlər dünyada milyonlarla insanda siqaret çəkməyə həvəs oyadır”. DST-nin qeyri-infeksion xəstəliklərin qarşısının alınması departamentinin direktoru Duqlas Betçerin dediyi kimi, “kinolarda siqaret çəkmə tütün məmulatlarının güclü təbliği formasıdır”. O qeyd edib ki, tütünün reklamına olduqca sərt məhdudiyyət qoyulduğu üçün “filmlər milyonlarla yeniyetmələrə siqaret çəkmə səhnəsini göstərən son vasitələrdən biridir. DST-nin Tütünə Qarşı Mübarizəyə dair Çərçivə Konvensiyası 180 iştirakçı ölkənin üzərinə “tütünün təbliğini və bu sahəyə sponsorluğa dair reklamı qadağan etmək” öhdəliyini qoyur.

Məruzədə qeyd edilir ki, ABŞ-da aparılan tədqiqatlara görə, ekranlarda siqaret çəkilən səhnələri görən yeniyetmələrin 37 faizində tütünə meyl yaranıb. 2014-cü ildə bu cür səhnələr Hollivudda çəkilən kinoların 44 faizində olub, bu filmlərin 36 faizi yeniyetmələr üçün nəzərdə tutulub. ABŞ səhiyyə orqanlarının hesablamasına görə, siqaret çəkmə səhnələrinin yer aldığı filmlərin ancaq böyüklər üçün nəzərdə tutulduğu barədə xəbərdarlıq olarsa, gənclər arasında bu zərərli vərdişi 20 faiz azaltmaq və gələcəkdə 1 milyon insan ölümünün qarşısını almaq olar.

Məruzədə bildirilir ki, ABŞ ilə yanaşı, siqaret çəkmə səhnələri olan filmlər Almaniya, Niderland, Polşa, İslandiya, İtaliya və Böyük Britaniyada, habelə Argentina və Meksikada da çəkilib. Hətta İslandiya və Argentinada 10 filmdən 9-da bu cür səhnələr yer alıb. DST dövlətlərə siqaret çəkmə səhnəsi olan filmləri yeniyetmələrin baxması qadağan edilən filmlər siyahısına salmağa, bu ekran əsərlərinin nümayişindən əvvəl isə kinoteatrlarda və telekanallarda tamaşaçıları tütünün zərəri barədə xəbərdar etməyə çağırır. Bundan başqa, siqaret çəkməyi reklam edən istənilən videomaterial dövlət subsidiyalarından məhrum edilməlidir.