Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sağlam həyat aylığı – siqaretlə mübarizə” layihəsi çərçivəsində İsmayıllı şəhərində üç gün ərzində yuxarı sinif şagirdləri üçün təlimlər təşkil olunub.
Rayon uşaq kitabxanasında keçirilən təlimlərdə 300-dən artıq məktəbli iştirak edib.
Tədbirdə çıxış edən layihə rəhbəri Bəhram Bəhramlı bildirib ki, məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların pis vərdişlərdən uzaq durmasına nail olmaqdır. Rayon icra hakimiyyətinin şöbə müdiri Xətai Abbasov isə bu layihənin İsmayıllı məktəbliləri üçün əhəmiyyətli olacağını qeyd edib. Belə layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, yuxarı sinif şagirdlərinin zərərli vərdişlərə, xüsusilə siqaretə aludə olmasının acı nəticələri diqqətə çatdırılıb.
Təlimlərdə iştirak edən hər bir şəxsə sertifikat verilib, maarifləndirici bukletlər paylanılıb.