Moskvada tütünlə mübarizədə KİV-lərin potensialının gücləndirilməsi üzrə keçirilən beynəlxalq seminarda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Tofiq Musayev, Aytən Məmmədova və Ayla Ələsgərova təmsil ediblər.
Dünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin təşkilatçılığı ilə keçirilən seminarın məqsədi tütün əleyhinə mübarizə sahəsində ən son elmi nailiyyətlərin və yeniliklərin təqdim edilməsi, ölkələrdə bu sahədə uğurla həyata keçirilən fəaliyyət və strategiyalar barədə məlumatların verilməsi olub. Seminarda çıxış edənlər son on ildə tütün əleyhinə mübarizədə effektiv siyasətin əsas komponentlərinə və onların icrasına, eləcə də təhlükəsizlik strategiyalarına diqqət yetiriblər. Həmçinin tütünlə mübarizədə iştirakçı ölkələr arasında əldə olunmuş uğurlardan, tütünçəkmənin qadağan olunmadığı ictimai yerlərin sayının ildən-ilə azalmasından, tütün məhsullarının qablaşdırılmasında istifadə olunan şəkilli xəbərdarlıq üsullarından söhbət açılıb.
İSİM-in əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev Azərbaycanda tütünçəkmə nəticəsində yaranan qeyri-infeksion xəstəliklərin azaldılması sahəsində görülən işlərdən danışıb. Məlumat verilib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklər üzrə mübarizə səhiyyə sisteminin və ümumiyyətlə dövlətin prioritet vəzifələrindən biridir. Hələ 2012-ci ildə qəbul edilən “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair strategiyanın hazırlanması işinə başlanılıb. 2015-ci il dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın əsas məqsədi ölkəmizdə həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına, o cümlədən qeyri-infeksion xəstəliklərlə bağlı vaxtından əvvəl ölüm hallarının əhəmiyyətli azaldılmasına nail olmaqdır.
Şöbə müdiri bildirib ki, strategiyanın vəzifələri bu xəstəliklərlə mübarizə üzrə səmərəli sahələrarası əməkdaşlıq mexanizminin yaradılması, qeyri-infeksion xəstəliklərin risk faktorlarından olan tütündən istifadəni azaltmaq sahəsində işlərin aparılmasıdır. Əhalinin maarifləndirilməsi məqsədilə yenilik olaraq İSİM tərəfindən “Hər günün tütünsüz olsun!” aksiyasına həsr olunmuş www.nosmoke.az saytı yaradılıb, eləcə də tütünlə mübarizəyə aid həm əhali, həm də mütəxəssislər üçün faydalı məlumatları özündə cəmləşdirənwww.tobaccocontrol.az elektron portalı istifadəyə verilib.