Filippin höküməti ölkədə veyp çəkənlər arasında ilk xəstənin qeydə alınmasından sonra elektron siqaretlərin istifadəsini və ölkəyə idxalını qadağan etmək istəyir. 101.az-ın məlumatına görə, bu barədə “PNA” agentliyi yazıb.
Filippin Prezidenti Rodriqo Dutertenin sözlərinə görə, veyplərin tərkibində naməlum kimyəvi maddələr və sağlamlıq üçün zərərli olan nikotin var.
Duterte ictimai yerlərdə elektron siqaretdən istifadə edən şəxslərin polis tərəfindən saxlanılmasına dair sərəncam verib. Bu məhsulun tamamilə qadağan edilməsi barədə qərar isə yaxın günlərdə imzalanacaq.
Qeyd edək ki, noyabrın 15-də Filippinin Səhiyyə Nazirliyi 16 yaşlı qızın veyp çəkməsi nəticəsində səhhətinin kəskin pisləşməsi və ağciyərlərinin zədələndiyi faktını təsdiqləmişdi.
Xatırladaq ki, daha əvvəl Türkiyə höküməti elektron siqaretlərin satışına və idxalına qadağa qoymaq niyyətində olduğunu açıqlamışdı. ABŞ-ın San-Fransisko şəhərində və Miçiqan ştatında elektron siqaretlərin bütün növlərinin istifadəsi qadağan edilib.