Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə açılacaq tibbi məsləhət kabinetinin təşkili ilə bağlı tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə şəhər poliklinikalarının sahə həkimləri, terapevtlər, kardioloqlar iştirak ediblər. İSİM-in mütəxəssisləri iştirakçılara tütünçəkmənin insan orqanizminə vurduğu zərər, tütün tüstüsünün təsiri altında yaranan xəstəliklər, asılılıq sindromu, siqareti tərgitməyə dair motivasiya üsulları barədə məlumat veriblər.
Təlim zamanı tütündən imtina üzrə beynəlxalq təcrübə ilə əyani tanışlıq üçün texniki vasitələrdən istifadə olunub. Rusiyalı mütəxəssis Olqa Suxovskaya ilə telekörpü yaradılıb. Yarım saat ərzində O.Suxovskaya tütündən imtinada telefon vasitəsilə verilən tibbi məsləhətlərin rolundan, Rusiyanın siqaret çəkən əhalisinin sayının azaldılması məqsədilə “Qaynar xətt”ə müraciət edənlərə tütünün insanın sağlamlığına olan təsiri haqqında məlumatların verilməsindən, tütündən imtina üzrə effektiv metodlardan və motivasiyanın gücləndirilməsinin vacibliyindən danışıb.
Qeyd edək ki, noyabrın 1-dən etibarən İSİM-in ambulator şöbəsinin nəzdində tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi “Qaynar xətt” fəaliyyətə başlayacaq. Burada tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar.