XƏBƏRLƏR

26 Oktyabr 2016

Tütündən imtina kabineti fəaliyyətə başlayacaq

www.sia.az

İSİM-in poliklinikasının nəzdində fəaliyyətə başlayacaq Tütündən imtina kabinetin təşkili və tütünçəkmənin dayandırılması üzrə tibbi məsləhət xidmətinin göstərilməsi istiqamətində tədbir keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə,  25 oktyabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) şəhər poliklinikalarından olan sahə həkimləri, terapevtlər, kardioloqlar, İSİM-in Ambulator şöbəsinin həkimləri mövzu ilə əlaqədar tədbirə qatılıblar.

İSİM-in mütəxəssisləri iştirakçılara tütünçəkmə nəticəsində insan orqanizminə vurduğu zərərdən, tütün tüstüsünün təsiri altında yaranan xəstəliklərdən, asılılıq sindromundan, müalicə və siqareti tərgitməyə dair motivasıya üsullarından təqdimatlar ediblər.

Təlim zamanı tütündən imtina üzrə beynəlxalq təcrübəyə əyani tanışlıq üçün texniki vasitələrdən istifadə olunub. Rusiya Federasiyasının Sankt-Peterburq Ftiziopulmonoloqiya ETİ-nin nəzdində fəaliyyət göstərən Tütündən imtina üzrə Konsultativ telefon yardımı mərkəzinin rəhbəri Olqa Suxovskaya ilə telekörpü yaradılıb.

Yarım saat ərsində öz mərkəzləri haqda ətraflı məlumat verən O.Suxovskaya eyni zamanda tütündən imtinada telefon vasitəsiylə verilən tibbi konsultasiyaların rolundan, Rusiyanın siqaret çəkən əhalisinin sayının azaldılması məqsədiylə qaynar xəttə müraciət edənlərə tütünün insanın sağlamlığına olan təsiri haqda məlumatların verilməsindən, tütündən imtina üzrə effektiv metodlardan, motivasiyanın gücləndirilməsinin vacibliyindən danışıb.