4 Noyabr 2016
Siqaretdən imtina etmək istəyənlər üçün “qaynar xətt” açıldı
www.ann.az
Noyabrın 1-dən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi "qaynar xətt” fəaliyyətə başlayıb.
Oxu.Az-ın məlumatına görə, tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər almaq üçün "qaynar xətt”lə (012) 530 32 43) əlaqə saxlaya bilər.
Bildirək ki, layihə "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq tətbiq olunacaq.
2 ay davam edəcək pilot faza ərzində yaradılan kabinetin və "qaynar xətt”in hər birində bir mütəxəssisin işləməsi nəzərdə tutulur. Fəaliyyət çərçivəsində İSİM əhaliyə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın aradan qaldırılmasına, tütündən asılılığın müalicəsinə dair milli mütəxəssis potensialının gücləndirilməsinə və qeyd olunan tibbi-konsultativ xidmətlərin təşkilinə yardım göstərəcək.
Pilot layihənin müddəti başa çatdıqdan sonra görülmüş işlərin qiymətləndirilməsi və gələcəkdə tütündən imtina kabineti və "qaynar xətt”in davamlı fəaliyyətdə olması və işinin səmərəli, effektiv aparılması üçün zəruri tədbirlərin görülməsi nəzərdən keçiriləcək.