"Tütünə qarşı mübarizə haqqında" Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası bəşəriyyətin tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmasıdır. O, Ümumdünya Səhiyyə Assambleyası tərəfindən 21 may 2003-cü il tarixdə qəbul edildi və 27 fevral 2005-ci il tarixdə qüvvəyə mindi. Həmin dövrdən başlayaraq Konvensiya Birləşmiş Millətlər Təşkilatının tarixində ən geniş tanınmış sazişlərdən biri oldu. 2014-cü ilin 4 dekabr tarixinə olan vəziyyətə görə onun 180 Tərəfi vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 20 sentyabr 2005-ci il tarixdə "Tütünə qarşı mübarizə haqqında" ÜST-nin Çərçivə Konvensiyasına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununu imzalamışdır.
Çərçivə Konvensiyası tütünə qarşı mübarizə üzrə ən əhəmiyyətli və məqsədyönlü tədbirlər kompleksidir. Onun hər bir maddəsinin səmərəli işləməsi üçün ölkədə Konvensiyanın tələblərinə tam cavab verən qanunvericilik bazası olmalıdır. Bu baxımdan Azərbaycan qanunvericiliyinin Çərçivə Konvensiyasına uyğunluğunun müqayisəli təhlili xüsusi diqqət cəlb edir. Məsələnin zəruri olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2014-cü ilin dekabr ayından başlayaraq belə bir təhlilin aparılması təşkil olundu. İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayevin rəhbərlik etdiyi bu layihədə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin Çərçivə Konvensiyasına uyğunluğunun müqayisəli təhlili hüquq üzrə fəlsəfə doktoru Pərvanə Bayramova tərəfindən aparıldı.
Aparılmış təhlil Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət Planına əsasən qeyri-infeksion xəstəliklərin tütünçəkmə risk amilinin qarşısının alınması və nəzarəti üzrə tədbirlərin həyata keçirilməsinin gücləndirilməsi məqsədi ilə təşkil olunmuş və Azərbaycan Respublikasının "Tütünə qarşı mübarizə haqqında" ÜST-nin Çərçivə Konvensiyasına qoşulmasının 10-cu ildönümünə həsr edilir. Təhlilin məqsəd və vəzifələri tütünlə mübarizə sahəsində Azərbaycan qanunvericiliyinin Çərçivə Konvensiyasına uyğunluğunun araşdırılması, çatışmazlıqların aradan qaldırılması üçün məqsədyönlü rəy və tövsiyələrin hazırlanması və yekun nəticələrin tütünlə mübarizə sahəsində çalışan təşkilat və şəxslərə çatdırılmasıdır.
İctimaiyyətə təqdim olunan tədqiqatda tütün epidemiyasının artan təhlükəsinə qarşı daha səmərəli mübarizə apara bilmək üçün zəruri məlumat və dəlillər əks etdirilir. Eləcə də Azərbaycan Respublikasının tütünə dair hazırkı siyasəti və spesifik qanunvericiliyi Çərçivə Konvensiyası ilə müqayisəli təhlil edilərək ölkəmiz üçün əhəmiyyətli olacaq tövsiyələr irəli sürülür. Təhlilin nəticələri Azərbaycanda qanunvericiliyin formalaşması və tütünə qarşı nəzarət və mübarizə işinin təşkili ilə məşğul olan qərar qəbul edən şəxslər, millət vəkilləri, siyasətçilər, ictimai səhiyyə mütəxəssisləri, ictimai təşkilatlar və fəallar, digər təşkilat və fərdlərin fəaliyyətlərində nəzərə alına bilər.