Qlobal miqyasda ildə ölüm hallarının 60%-nə səbəb QİX olur. Bu günki meyillərin nəticəsi kimi il ərzində QİX-dən ölənlərin sayının 2030-cu ilədək 35% artması proqnozlaşdırıldığı halda, il ərzində yoluxucu xəstəliklərdən ölənlərin sayının növbəti 20 ildə azalması gözlənilir. Hesablamalara görə ürəyin işemik xəstəliyi və beyin-damar xəstəliklərinin 80%-nə yuxarıda qeyd olunan davranışla bağlı risk faktorları səbəb olur.
Əksər ölkələrdə olduğu kimi QİX Azərbaycanda da xəstəlik yükünün böyük hissəsi və vaxtından əvvəl ölümlərin əsas səbəbidir. 2011-ci il ərzində Azərbaycanda qeydə alınmış ölümlərin təxminən 80%-ni qan dövranı xəstəlikləri, xərçəng, tənəffüs sistemi orqanlarının xəstəlikləri, travmalar, zəhərlənmələr və xarici faktorların təsirinin digər nəticələri, qidalanma, maddələr mübadiləsi pozğunluqları və endokrin sistemin xəstəlikləri, o cümlədən diabet səbəbindən baş verən ölüm halları təşkil etmişdir.
Səhiyyə Nazirliyi tərəfindən QİX-lə bağlı bir sıra araşdırmalar, o cümlədən “QİX-ə dair vəziyyətin təhlili” (2008), “QİX-in iqtisadi təsirinin təhlili” (2009), “Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı” (GYTS-2011), “QİX-in risk amilləri üzrə milli araşdırma” (2011) həyata keçirilmişdir. Aparılan tədqiqatlar da göstərir ki, QİX Azərbaycanda ölüm və xəstələnmə hallarının başlıca səbəbidir.
Səhiyyə sisteminin bütün səviyyələrində QİX-in qarşısının alınması və nəzarəti ilə bağlı əhalinin bu xidmətlərlə hərtərəfli əhatəsi istiqamətində irəliləyişə nail olunması prioritet sahə hesab edilir. QİX nəticəsində insanların səhhətinə dəyən zərəri səhiyyə xidmətləri aradan qaldırmağa çalışsa da, bu problemin həllində əhəmiyyətli nəticələr əldə etmək üçün məhz ilkin səhiyyədə çalışan tibb işçilərinin bu sahədə bilik və bacarıqları mühüm rol oynayır.
Tibb işçilərinin, xüsusilə də ilkin səhiyyədə çalışan həkimlərin düzgün hədəflənmiş kommunikasiya bacarıqlarını gücləndirmək, əsas qeyri-infeksion xəstəliklər və onların risk faktorları haqqında biliklərini yaxşılaşdırılmaq, təhlükəsiz davranış və sağlam həyat tərzi barədə pasiyentlərlə məsləhətvermə bacarıqlarını təkmilləşdirmək, poliklinikalara müraciət edən əhaliyə məqsədyönlü tövsiyələrin verilməsini istiqamətləndirmək, pasiyentlərin öz sağlamlığına müntəzəm nəzarət bacarıqlarını yaxşılaşdırmaq üçün həkimlərin bacarıqlarını inkişaf etdirmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən ilkin səhiyyə səviyyəsində qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınmasının gücləndirilməsi layihəsi keçirilir.
Layihənin məqsədi ilkin səhiyyə səviyyəsində çalışan həkimlərin əhali arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınması üzrə bilik və bacarıqlarının gücləndirilməsidir. Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən İSİM-in əməkdaşlarına bu layihənin keçirməsi üçün müvafiq şərait yaradıldı. Layihə 3 mərhələdə həyata keçirildi.
İlkin mərhələdə, 2014-cü ilin oktyabr ayında, Bakı şəhərinin 10 poliklinikasının həkimləri arasında qeyri-infeksion xəstəliklər və onların risk amillərinin qarşısının alınmasına dair biliklərə dair sorğu aparıldı. Sorğunun ilkin səhiyyə xidmətləri səviyyəsində keçirilməsi əhali ilə bilavasitə təmasda olan tibb işçilərinin bilik və bacarıqlarının qiymətləndirilməsinə imkan yaratdı. Araşdırma zamanı 43 sualdan ibarət bir sorğu alətindən istifadə olunmuşdur. Sorğu anonim şəkildə keçirildi. Sorğuda Bakı şəhərinin müxtəlif inzibati ərazisinə xidmət edən 10 poliklinikanın 40 həkimi iştirak etdi. Sorğunun nəticələri göstərdi ki, həkimlərin orta hesabla yalnız 37%-nin əsas qeyri-infeksion xəstəliklər və onların risk faktorları, təhlükəsiz davranış və sağlam həyat tərzi, profilaktika, erkən diaqnostika və məqsədyönlü tövsiyələr barədə tam bilik və bacarıqları vardır.
Sorğu zamanı əldə olunmuş məlumatların təhlili növbəti mərhələdə aparılmış təlimlər üçün hazırlanan təlim vəsaitində öz əksini tapdı. İlkin səhiyyə səviyyəsində çalışan həkimlərin təlimləndirilməsi üçün hazırlanan vəsaitdə və bilavasitə təlimlərdə sorğunun nəticələrinə əsaslanan tövsiyələr nəzərə alındı.
İkinci mərhələdə Bakı şəhərinin 40 poliklinikasının hər birindən bir həkim üçün beynəlxalq ekspertin iştirakı ilə qeyri-infeksion xəstəliklər və onların risk amillərinin qarşısının alınmasına dair təlim keçirildi. Təlimlər 2014-cü ilin noyabr ayının 4-ü və 7-si, hər birində 20 poliklinikanın həkimi iştirak etməklə, cəmi 40 nəfər ilkin səhiyyə səviyyəsində çalışan həkimlər üçün aparıldı.
Təlimlər zamanı layihə barədə məlumat verildi, təşkilati məsələlər açıqlandı, iştirakçılar təqdim olundu. Hər bir iştirakçıya İSİM-də təlimin mövzuları üzrə hazırlanmış təlim materialları paylanıldı: prezentasiyalar, vəsaitlər, klinik protokollar (Ürək-damar xəstəliklərinin profilaktikası üzrə klinik protokol və Tütünçəkmədən imtina etmə üzrə klinik protokol), həkim və pasiyentlər üçün bir sıra əyani materiallar (bukletlər, kitabçalar, plakatlar). Əsas materiallar həkimlərə nəinki çap, həm də elektron formada (CD-diskdə) paylanıldı.
Təlimlər zamanı həm də ilkin səhiyyə səviyyəsində çalışan həkimlərin QİX-in profilaktikasında rolu, pasiyent gəlişinin strukturu (anamnez, fiziki baxış, daxili orqanların vəziyyəti, müalicə planı və riskin azaldılması üçün profilaktik tədbirlər/məsləhətlər), insanın yaşına və cinsinə əsaslanan QİX-in risk faktorlarına aid profilaktik məsləhətlər; eləcə də mammoqrafiya, kolonoskopiya, bədən çəkisinin azaldılması, qidalanma, davranışın dəyişdirilməsi strategiyaları və s. məsələlərə xüsusi diqqət yetirildi və müzakirə olundu. İştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş təlimlərin sonunda layihə üzrə növbəti fəaliyyətlərin həkimlərlə müzakirəsi və planlaşdırılması baş tutdu.
Layihənin sonuncu mərhələsində, İSİM-in layihə üzrə əməkdaşlarının iştirakı ilə təlimləndirilmiş 40 həkim tərəfindən çalışdıqları poliklinikalarda digər həkimlərlə təlimlər keçirildi ki, bu da minlərlə pasiyentlər arasında qeyri-infeksion xəstəliklərinin risk amillərinin qarşısının alınmasına müsbət təsir edəcək.