LAYİHƏLƏR

28 İyun 2022

“Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” layihəsi YENİLƏNİB: 31 YANVAR 2018

01 avqust 2016-cı il tarixdən 31 yanvar 2018-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Vərəm və Ağ Ciyər Xəstəliklərinə qarşı Beynəlxalq İttifaq (The Union) və beynəlxalq təşkilat olan Bloomberg Philanthropies tərəfindən dəstəklənən “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” layihəsinin həyata keçirilməsinə nail olmuşdur.  

Layihənin əsas məqsədi hökumət və vətəndaş cəmiyyəti ilə birgə Azərbaycan Respublikasının tütünlə mübarizəyə aid müvafiq qanunvericiliyin, xüsusilə də “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun layihəsinin gücləndirilməsinə, o cümlədən tütün tüstüsündən azad ictimai və iş yerlərinin yaradılmasına yönəldilmişdir.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün tütünlə əlaqəli milli qanunvericiliyin beynəlxalq təcrübə və normalara, həmçinin Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının maddələrinə və bu maddələrin həyata keçirilməsinin rəhbər prinsiplərə uyğunlaşdırılması məqsədilə əsas tərəfdaşlar, vətəndaş cəmiyyəti və qərar qəbul edən şəxslərlə birgə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, bu işin daha səmərəli aparılması üçün onun geniş dəstəklənməsi və kompleks təbliğat tədbirlərinin həyata keçirilməsi vəzifələri həyata keçirilmişdir.

Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası bəşəriyyətin tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmasıdır. O, Ümumdünya Səhiyyə Assambleyası tərəfindən 21 may 2003-cü il tarixdə qəbul edildi və 27 fevral 2005-ci il tarixdə qüvvəyə mindi. Həmin dövrdən başlayaraq Konvensiya Birləşmiş Millətlər Təşkilatının tarixində ən geniş tanınmış sazişlərdən biri oldu. Bu günədək Konvensiyaya 181 Tərəf ölkə, o cümlədən 2005-ci ildə Azərbaycan da qoşulmuşdur.

Layihənin reallaşdırılması Azərbaycan Respublikasının Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına qoşulmasının 10 illik ildönümünə təsadüf edilmişdir. Əhəmiyyətlidir ki, bu layihə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın və onun həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planının məqsəd və vəzifələri, xüsusilə də Strategiyanın “Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından təhlili əsasında mövcud hüquqi bazanın gücləndirilməsinə dair təkliflərin hazırlanması” fəaliyyəti ilə eynilik təşkil edir.

Layihə çərçivəsində əsas məqsədə və aşağıdakı bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə müvəffəqiyyətlə nail olunmuşdur.

Belə ki, müvafiq işlərin həyata keçirilməsi, o cümlədən həmin işlərin istiqamətləndirilməsi üçün Texniki Məsləhətçi Qrupun (TMQ) yaradılmışdır. TMQ mütəmadi görüşlər vasitəsi ilə tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərdi, mövcud qanunvericiliyin təhlili, eləcə də “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”na dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verdi, tütünlə mübarizənin gücləndirilməsinə dəstək kampaniyalarında iştirak etdi. TMQ “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üzrə Səhiyyə Nazirliyinin nəzdində təşkil edilmiş İcra və Əlaqələndirmə Qrupu (İƏQ), İSİM, aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyətinin, o cümlədən Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Azərbaycan Tibb Universiteti, “Gənclərin İnkişafı Naminə” İctimai Birliyi, Ümidli Gələcək Gənclər İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “LAYF” Xeyriyyə İctimai Birliyi, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və media vasitələrinin nümayəndələrindən ibarət olmuşdur. 

29 noyabr 2016-cı il tarixdə “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində “Tütünsüz dünya yarat” şüarı altında keçirilmiş ilk aksiya Park Bulvar AVM-də gəncləri hədəflədi. Dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə baş tutan aksiya zamanı gənclərə tütünün zərərləri haqqında məlumat verildi və tütünsüz dünya yaratmaq təbliğ edildi. Aksiyanın keçirilməsi ilə əsas məqsəd olan əhalinin tütünlə bağlı maarifləndirilməsi səviyyəsinin artırılmasına eyni zamanda,  Park Bulvar AVM-də olan əksər insanların diqqətinin cəlb edilməsinə nail olundu.

30 yanvar 2017-ci il tarixdə İSİM-də növbəti tədbir təşkil olundu. Bu dəfə media nümayəndələrini bir araya toplayan Texniki Məsləhətçi Qrupu (TMQ) jurnalistlərlə bərabər tütün istehlakının zərərli təsiri barədə ictimaiyyətə düzgün məlumatları çatdıraraq, tütün epidemiyasına qarşı aparılan mübarizənin təməlini təşkil edən məqsədyönlü siyasətin formalaşdırılması istiqamətlərini açıqladılar.

21 aprel 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tütünə qarşı mübarizəyə dair məsələlərin panel müzakirəsi aparıldı. Tədbir Dövlət İdarəçilik Akademiyası, ASAN Xidmət, İSİM və ASAN Könüllüləri Təşkilatı ilə birgə təşkil olunmuşdu. Akademiyanın tələbələri və ASAN könüllülərin iştirakı ilə keçən tədbirdə tütünə qarşı mübarizəyə dair yeni qanunveriçilik layihəsinin müzakirəsi aparıldı.

24-26 aprel 2017-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində “Tütündən imtina səyyar kabineti” fəaliyyət göstərdi. Bu müddət ərzində 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edən vətəndaşlara İSİM-in həkimi konsultativ məsləhətlər verdi, onlara tütündən imtina ilə bağlı yardım göstərdi. Aksiya ərzində ASAN könüllüləri hər hansı xidmətlə bağlı müraciət edən və gözləmə müddətində olan vətəndaşları tütündən imtina kabinetindən faydalanmağa dəvət etdi, onlara tütünün zərərləri, tütün tüstüsünün təsirindən yaranan xəstəliklər və İSİM tərəfindən hazırlanmış digər maarifləndirici materiallar paylanıldı. 

27 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisində “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” mövzusuna həsr olunmuş  dəyirmi masa təşkil edildi. Parlamentin 5 komitəsi (Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, İnsan hüquqları komitəsi, Əmək və sosial siyasət komitəsi, Gənclər və idman komitəsi, Səhiyyə komitəsi) tərəfindən təşkil olunan tədbirdə deputatlar, Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxsləri, Ombudsman Aparatının nümayəndələri, ictimai qurumların təmsilçiləri, ASAN Könüllüləri Gənclər Təşkilatı, İSİM, o cümlədən digər müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər. Əsas çıxışlardan sonra tədbir iştirakçıları qanun layihəsinə münasibət bildirdilər və mövzunun fəal müzakirəsini apardılar. Sonda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin ikinci oxunuşda plenar iclasa tövsiyə olunması təklif edildi və təklif dəyirmi masa iştirakçıları tərəfindən qəbul olundu.

22-24 may 2017-ci il tarixdə Bakı şəhərində “Siqaret alma! Alma al!” aksiyası keçirildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə 31 may – Ümumdünya Tütünsüz Günü ərəfəsində keçirilən aksiyanın məqsədi əhalinin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları zərərli vərdişlərdən uzaq olmağa dəvət etmək idi. İSİM ilə ASAN Könüllüləri Gənclər Təşkilatının birgə təşkil etdiyi aksiyanın ilk günü “28 May” metrostansiyası qarşısında oldu. Üzərində aksiyanın şüarı əks olunan köynək və günlük geyinən 50 könüllü və İSİM nümayəndələri siqaret çəkən şəxslərə yaxınlaşaraq, tütün və tütün tüstüsünün zərəri ilə bağlı onlara ətraflı məlumat verdilər. Sonra onlara əllərindəki siqareti atmaq və sağlam həyat tərzinin rəmzi sayılan alma götürmək təklif olundu. Aksiya zamanı 100-dən çox siqaret çəkənlə maarifləndirici söhbət aparıldı və onlar əllərindəki siqareti xüsusi tullantı qutusuna atıb, səbətdən sağlamlığın rəmzi olan yaşıl alma götürdülər. İctimaiyyət tərəfindən maraqla izlənən aksiya paytaxtın müxtəlif ərazilərində davam etdi. 

31 may 2017-ci il tarixdə İSİM-də  kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Tütün – inkişaf üçün təhlükə!” mövzusunda yarım günlük seminar təşkil olundu. 31 may – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş seminar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin dəstəyi ilə keçirildi.  Tütünlə mübarizə sahəsində İSİM-in yaydığı məlumatların KİV vasitəsi ilə ictimaiyyətə çatdırıldığı nəzərə alınaraq, bu mübarizənin daha yaxşı səmərə verməsi üçün müxtəlif ölkələrdə tətbiq edilən metod və alqoritmlər barədə seminar iştirakçılarına geniş məlumat verildi.

30 iyun 2017-ci il tarixdə İSİM-də “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” layihəsi üzrə Texniki Məsləhətçi Qrupun, o cümlədən müxtəlif akademik və elmi-tədqiqat qurumlarının nümayəndələrinin iştirakı ilə “Tütün - inkişaf üçün təhlükə!” mövzusunda dəyirmi masa təşkil olundu.

27 oktyabr 2017-ci il tarixdə İSİM-də "Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində qeyri-hökumət təşkilatlarının (QHT) iştirakı ilə "Tütünlə mübarizə və vətəndaş cəmiyyəti" mövzusunda dəyirmi masa keçirildi. Görüşdə  həmçinin tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərmək və mövcud qanunvericiliyi təhlil etmək üçün Texniki Məsləhətçi Qrupun (TMQ) nümayəndələri də təmsil olunurdular. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, “Hayat” Beynəlxalq Humanitar Təşkilatı, "Sağlam Düşüncə" Gənclər Təşkilatı, “LAYF” Xeyriyyə İctimai Birliyi, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və digər QHT-lərin nümayəndələri müzakirələrdə fəal  iştirak etdilər.

Tütünlə mübarizə sahəsində son zamanlarda Azərbaycanda yaşanan xüsusi fəallığın davamı olaraq, 2017-ci il dekabrın 20-də “Hyatt Regency” mehmanxanasının “Bakı” zalında Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirildi. Ölkə əhalisinin sağlamlığının qorunması sahəsində və tütün epidemiyasının artan təhlükələrinə qarşı daha məqsədyönlü və səmərəli cavab tədbirləri baxımından Milli Məclis tərəfindən yenicə qəbul edilən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun konfransın əsas müzakirə obyekti oldu. Konfrans “Sağlam Düşüncə” Gənclər Təşkilatının və İSİM-in tərəfdaşlığı ilə təşkil edilmişdi. Konfransda tütünlə mübarizə məsələlərin aktuallığı və onların həlli istiqamətləri ətrafında səmərəli müzakirələr oldu, çıxışlar dinlənildi. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, “Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Ramiz Əliyev çıxış edərək, tütünlə mübarizə istiqamətində dünyada və ölkəmizdə görülən işlərdən söz açdılar. Bütün dünyada qeyri-infeksion xəstəliklərin qlobal yükünə çevrilən tütünçəkmə problemi ilə bağlı ən son statistik rəqəmlər bir daha diqqətə çatdırıldı, xüsusən gənc nəsli bu zərərli epidemiyadan qorumaq üçün hamılıqla mübarizənin vacibliyi vurğulandı.

31 yanvar 2018-ci il tarixdə İSİM-də ölkədə tütünlə mübarizə sahəsində əldə olunmuş nailiyyətlər, yeni qəbul olunmuş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanundan irəli gələn addımlar müzakirə olundu. “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyin gücləndirilməsi” layihəsi üzrə yekun iclası zamanı aparılan bu müzakirələrdə layihə çərçivəsində hələ 2016-cı ildə yaradılmış və sonradan genişlənmiş Texniki Məsləhətçi Qrupun (TMQ) fəaliyyətinə nəzər salındı. TMQ üzvləri olan tədbir iştirakçıları mütəmadi olaraq İSİM-də toplaşaraq tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərildiyi, mövcud qanunvericiliyin təhlili, eləcə də “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”na dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verildiyi, tütünlə mübarizənin gücləndirilməsinə dəstək üçün təşkil olunan kampaniyalar, dəyirmi masalar, media dəstəyi və digər fəaliyyətləri xatırladılar.  Tədbirdə tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş layihənin yekun və nəticələri haqda tədbir iştirakçılarına məlumat verildi. İlk olaraq Azərbaycan Prezidentinin 29 dekabr 2017-ci il tarixli Fərmanı ilə ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun  tətbiq edilməsi ilə bağlı TMQ üzvləri təbrik edildi, Qanununun qəbulundan sonra növbəti addımlar və gələcək planlar barədə danışıldı. Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar  təqdim edildi, xatirə fotosu çəkildi.

Layihə üzrə bütün tədbirlər kütləvi informasiya vasitələrində, İSİM-in rəsmi internet səhifəsində və social şəbəkələrində, eləcədə ölkədə tütünlə mübarizəyə dəstək məqsədilə 2010-cu ildə yaradılmış və 2015-ci ildə yenilənmiş www.tobaccocontrol.az saytında, layihə çərçivəsində təşkil olunmuş “Tütünsüz dünya yarat” Facebook səhifəsində geniş işıqlandırılmışdır.

Layihə çərçivəsində həmçinin müxtəlif maarifləndirici çap materialları hazırlandı, nəşr edildi və paylanıldı, KİV-lərdə debatlar aparıldı və canlı çıxışlar edildi, müsahibələr verildi, bir sıra müəssisə və təşkilatlarda məqsədyönlü görüslər təşkil edildi, danışıqlar əsasında Bakı metropolitenin stansiyalarında layihə çərçivəsində tütün əleyhinə təşviqat-təbliğat xarakterli reklam lövhələri yerləşdirildi, tütünlə mübarizənin dəstəklənməsi ilə bağli ictimai rəy sorğusu keçirildi.

“Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” layihəsi başa çatmasına baxmayaraq Səhiyyə Nazirliyi və İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatları, ümumiyyətlə bütöv vətəndaş cəmiyyəti ilə birgə tütün epidemiyasına qarşı mübarizə davam etdirilir, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun  təsdiqlənməsindən sonra onun məqsədyönlü həyata keçirilməsi, tütünlə mübarizə sahəsində digər zəruri addımların atılması üçün gələcəkdə də səylər göstəriləcəkdir.