2017-ci ildə ölkəmiz “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə (Health Behaviour in School-aged Children - HBSC) - məktəbyaşlı uşaqların sağlam davranışları ilə əlaqədar beynəlxalq səviyyədə aparılan araşdırmalarda əməkdaşlıq edən tədqiqatçıların ittifaqına üzvlüyə qəbul olundu. 45 üzv ölkədən ibarət olan bu şəbəkə 11, 13, və 15 yaşlı məktəbli uşaqların iştirakı ilə bütün üzv ölkələrdə 30 ildən bəri hər dörd ildən bir keçirilən sorğularla onların sağlamlıq, rifah və sosial problemlərini müəyyən edilir. Sorğu nəticəsində məktəblilərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və onların sağlamlığına təsir göstərən risk faktorları və zərərli vərdişləri aşkar edilir. Sorğu məktəbli uşaqların sağlamlığının qiymətləndirilməsi ilə yanaşı əvvəlki illərdə bu istiqamətdə əldə edilmiş müsbət və ya mənfi dinamikanın müəyyən edilməsinə yardım edir və beləliklə də, vəziyyətin yaxşılaşdırılması üçün dövlət qurumlarına əsas hədəfləri təyin etməyə şərait yaradır.Qeyd edək ki, Azərbaycanın bu beynəlxalq əməkdaşlıqda üzvlüyü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınır və dəstəklənir. https://www.isim.az/az/pages/39/
Azərbaycanın bu şəbəkəyə üzv olmasında ölkəmizdə ilk dəfə olaraq Səhiyyə Nazirliyinin tapşırığı və Təhsil Nazirliyinin dəstəyi ilə pilot layihə olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri tərəfindən 2017-ci ilin aprel ayında Azərbaycanın Bakı, Xızı və Sumqayıt şəhərlərinin hər birində 5 məktəb olmaqla, 5, 7 və 9-cu sinif şagirdləri arasında “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair sorğunun keçirilməsi oldu. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planı”nın 4.2-ci bəndinə əsasən keçirilən Pilot sorğu Azərbaycanın HBSC şəbəkəsinə qoşulmasının birinci addımı oldu. Sorğu tamamlandıqdan sonra əldə edilmiş məlumatlar təhlil edildi və nəticələr əsasında hesabat hazırlandı. Bu hesabatlar 19 iyun 2017-ci il tarixdə Norveçin Bergen şəhərində keçirilmiş “Məktəbyaşlı uşaqlar arasında sağlam davranışların tədqiqi” üzrə beynəlxalq şəbəkənin konfransında səsləndi. Konfransda iştirak edən İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov həmin sorğu ilə bağlı hesabatla konfrans içtirakçılarına Azərbaycanda keçirilən sorğu zamanı qazanılan nailiyyətlər, çətinliklər, ümumiyyətlə, metodologiyanın tədqiqi ilə bağlı texniki məsələlər və əldə edilmiş ilkin nəticələr barədə məlumat verdi. Azərbaycanda keçirilmiş pilot sorğunun uğurlu sayılması nəticəsində ölkəmiz “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə üzv seçildi. Bununla da, Azərbaycan cari ilin payız aylarında HBSC tədqiqatının ölkə üzrə iri miqyasda aparılması hüququnu əldə etdi.
ÜST-nin qəbul etdiyi metodologiya üzrə hər dörd ildən bir keçirilən HBSC tədqiqatı “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” HBSC iri miqyasda 2017-ci ilin sentyabr-oktyabr aylarında 11, 13 və 15 yaşlı məktəbli uşaqların iştirakı ilə keçirildi.
Bu sorğu haqda ilkin məlumatlar 7-11 noyabr 2017-ci il tarixlərdə Xorvatiya Respublikasının Zaqreb şəhərində “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” HBSC üzrə Avropa şəbəkəsinin ümumi yığıncağında səsləndi. Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları – Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Tibbi keyfiyyət standartları şöbəsinin meneceri Nərmin Əliyeva bu yığıncaqda iştirak etdilər.