2010-cu il may ayının 6-da İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının IV görüşü keçirildi.
Görüşdə İSİM, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və ABŞ-ın Cons Hopkins Universitetinin Blumberq İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində çap edilmiş “Tütünə nəzarət” adlı vəsait təqdim olundu.
Öz sağlamlığı və səhiyyə siyasəti və tütünə nəzarət sahəsində idarəetmə, siyasət, iqtisadiyyat, biznes, korporasiya işləri, kontrabanda, vergilər, din, internet, resursların bölüşdürülməsi kimi mövzularla tanış olmaqda maraqlı olan və cəmiyyətin inkişafı və ümumiyyətlə gələcək haqqında düşünən hər bir şəxs üçün nəzərdə tutulan vəsaiti nəzərdən keçirdirdikdən sonra iştirakçılar öz rəy və fikirlərini bildirdilər.
Tütünün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindən biri olduğunu qeyd edən Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının rəhbəri Nurlan Əliyev tütünə nəzarətlə bağlı bütün məqamların açıqlandığı və Azərbaycan dilində hazırlanmış ilk vəsait olan bu nəşrin tütünə qarşı mübarizə sahəsində çox mühüm addım olduğunu vurğuladı.
Görüşün sonunda 31 may Ümumdünya Tütünsüz Günü ilə əlaqədar keçiriləcək tədbirlər müzakirə olundu və təkliflər dinlənildi.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatının, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası, “Sağlam Düşüncə” İctimai Birliyi, “Sağlamlığa Çağırış” Alyansı, Ümumdünya Səhiyyə Təşkilatı, İSİM-in əməkdaşları iştirak edirdilər.