XƏBƏRLƏR

31 Mart 2010

Tütünlə Mübarizə Koalisiyasının III görüşü

Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının növbəti, III görüşü 2010-cu il mart ayının 31-də keçirildi. Görüşdə “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi tərəfindən hazırlanan Azərbaycan Respublikasının 2011-2015 illər üçün Tütünlə Mübarizə üzrə Milli Strategiyasının ilkin variantı koalisiyanın üzvlərinə təqdim edildi və bununla bağlı geniş müzakirə aparıldı.

Səhiyyə  Nazirliyinin Sağlam Həyat Tərzi layihəsi üzrə milli koordinatoru, layihənin eksperti Azad Hacıyev strategiyanın strukturu haqqında ətraflı məlumat verdi. Strategiyanın giriş, tütün məhsullarına olan tələbatın azaldılmasına yönəlmiş tədbirlər, tütün təchizatının və tütün məhsullarının istifadəsinin azaldılmasına istiqamətlənmiş tədbirlər, tütün istifadəsi və strategiyanın effektivliyinin monitorinqi və qiymətləndirilməsi kimi bölmələrdən  ibarət olduğunu qeyd edən milli koordinator bu strategiyanın həyata keçirilməsində müxtəlif orqanların iştirakının və onlar arasında koordinasiyanın vacibliyini vurğuladı. 
Daha sonra tütünlə mübarizə haqqında məlumatların Azərbaycan dilində əldə edilə biləcəyi www.tobaccocontrol.az internet səhifəsinin rəsmi variantı iştirakçılara təqdim olundu. Tütünlə mübarizə sahəsində tədqiqatların demək olar yox səviyyəsində olduğunu qeyd edən Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının rəhbəri, layihənin koordinatoru Nurlan Əliyev müxtəlif təşkilatların bu sahədə keçirdikləri kiçik sorğuların, araşdırmaların və ümumiyyətlə hər bir təşkilatın tütünlə mübarizə sahəsində fəaliyyətlərinin bu saytda yerləşdirilə biləcəyini qeyd etdi.
Müzakirələr zamanı iştirakçılar strategiya haqqında rəy və təkliflərini bildirdilər.
Sonda 31 may tütünlə mübarizə günü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcəyi və növbəti görüşdə bu tədbirlər barədə rəy və təkliflərin müzakirə olunacağı qeyd edildi. Görüşdə müxtəlif dövlət, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media mənsubları iştirak edirdilər.