XƏBƏRLƏR

26 Oktyabr 2016

Siqareti tərgitmək üçün dərmanlar sığorta paketinə daxil edilə bilər

www.sia.az

“Azərbaycanda siqareti tərgitmək üçün lazım olan dərman vasitələri icbari tibbi sığorta paketinə daxil edilə bilər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini və Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

O qeyd edib ki, sözügedən məsələ ilə bağlı müzakirələr aparılacaq: “Siqareti tərgitmək üçün müəyyən müddət bəzi dərmanlar qəbul etməyə ehtiyac yaranır. Bu dərmanları icbari tibbi sığorta paketinə daxil edə bilərik”.

Deputat bildirib ki, siqareti tərgitmək istəyənlər üçün isə dövlət tərəfindən pulsuz tibbi yardımlar həyata keçiriləcək. Onun sözlərinə görə,  Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun lahiyəsində bu haqda müddəalar yer alıb: “Dövlət tibb müəssisələrində siqareti tərqitmək istəyənlər üçün pulsuz xidmətlər həyata keçiriləcək. Sözügdən vətəndaşlara tibbi xidmət və psixoteropevtik yardım göstəriləcək”.

Millət vəkili vurğulayıb ki, qanun layihəsində siqaretin satışında bir çox məhdudiyyətlər də nəzərdə tutulub: “Azərbaycanda uşaq və təhsil müəssisələrinin yaxınlığında tütün məhsullarının satışı qadağan ediləcək. Bu məhsulların uşaq və yeniyetmələrə satışının qadağan olunması indiyədək də qanunda var idi. Ancaq təssüf ki, cərimə məbləğləri çox aşağı olduğuna görə, demək olar ki, bu qanuna əməl edilmirdi. Layihədə bu məsələnin həlli istiqamətində də müddəlar yer alıb. Tütün məhsullarının ədədlə, avtomat satıcılar vasitəsilə satılması və qapalı məkanlarda istifadəsi də qadağan olunacaq. Bütün televiziya və radio kanallarına tapşırıq veriləcək ki, hər ay 90 dəqiqədən az olmayaraq siqaretin zərərli təsirləri haqda maarifləndirici proqramlar hazırlasınlar”.